İstifadə Şərtləri

Versiya 1.0 · Son yenilənmə: 14.08.2026

QISA XÜLASƏ

  • Nə alırsınız: abunəlik müddəti ərzində BiznesBoss platformasından öz biznesiniz üçün istifadə hüququ.
  • Ödəniş: manatla, aylıq və ya illik. 7 gün pulsuz sınaq, bank kartı tələb olunmur; sınaq özü-özünə ödənişli rejimə keçmir.
  • Geri qaytarma: ilk ödənişdən sonra 14 gün ərzində səbəb göstərmədən tam qaytarma; illik abunədə istifadə olunmamış tam aylar üçün proporsional qaytarma.
  • Ləğv: istənilən vaxt, ödənilmiş dövrün sonunda. Ödəniş gecikdikdə 3 gün güzəşt müddəti tətbiq edilir, sonra hesab dayandırılır, məlumatlar silinmir.
  • Məlumatlarınız sizindir: istənilən vaxt, əlavə ödənişsiz ixrac edə bilərsiniz. Hesabı silsəniz, 30 gün ərzində fikrinizi dəyişə bilərsiniz.
  • Müştəri məlumatlarınız: onların mülkiyyətçisi sizsiniz, biz yalnız sizin tapşırığınızla emal edirik. Onları satmırıq, başqa abunəçiyə göstərmirik, öz marketinqimiz üçün istifadə etmirik.
  • Fiskal çek: onun verilməsi sizin öhdəliyinizdir, biz e-kassa operatoru deyilik, yalnız qeydiyyatdan keçmiş operatorlarla inteqrasiya təqdim edirik; qoşulmaq sizin seçiminizdir.

Bu xülasə yalnız məlumat xarakteri daşıyır və hüquqi qüvvəyə malik deyil. Tərəflər arasındakı münasibətlər aşağıdakı tam mətnlə tənzimlənir.

1. ÜMUMİ MÜDDƏALAR

1.1. Bu İstifadə Şərtləri (bundan sonra, “Oferta”) “BiznesBoss” MMC (VÖEN: 1507716031) (bundan sonra, “İcraçı”) tərəfindən qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmış publik oferta olmaqla, BiznesBoss platformasından (bundan sonra, “Platforma”) istifadənin şərtlərini, Tərəflərin hüquq və vəzifələrini, habelə onlar arasında yaranan digər münasibətləri müəyyən edir.

1.2. Bu Ofertanı qəbul edən şəxs (bundan sonra, “Abunəçi”) ilə İcraçı arasında bu Ofertanın şərtlərinə uyğun xidmət müqaviləsi bağlanmış hesab edilir. Müqavilənin bağlanması üçün ayrıca yazılı müqavilənin imzalanması tələb olunmur.

1.3. Abunəçi bu Ofertanı qeydiyyat zamanı “İstifadə şərtlərini qəbul edirəm” xanasını işarələməklə və qeydiyyatı tamamlamaqla və ya ödənişli abunəliyi rəsmiləşdirməklə və ya ödənişli istifadəyə davam etməklə tam və qeyd-şərtsiz qəbul etmiş hesab olunur.

1.4. İcraçı aksept faktını, onun tarixini və vaxtını, habelə qəbul edilmiş Oferta versiyasını elektron sistemlərində qeydə alır. Abunəçi tərəfindən qəbul edilmiş Ofertanın həmin tarixdə qüvvədə olan tam mətni Abunəçinin qeydiyyat zamanı göstərdiyi elektron poçt ünvanına göndərilir və İcraçı tərəfindən saxlanılır.

1.5. Oferta versiyalar üzrə qüvvəyə minir. Hər bir versiyaya müvafiq nömrə və qüvvəyə minmə tarixi verilir. Abunəçinin qəbul etdiyi Oferta versiyası onunla münasibətlərə tətbiq edilir və sonrakı dəyişikliklər bu Ofertada nəzərdə tutulmuş qaydada qüvvəyə minir.

1.6. Bu Ofertanı yalnız 18 (on səkkiz) yaşına çatmış və Abunəçi adından müqavilə bağlamaq üçün müvafiq səlahiyyətə malik şəxs qəbul edə bilər. Platformadan sahibkarlıq fəaliyyəti məqsədilə hüquqi şəxslər, fərdi sahibkarlar və qanunvericiliyin yol verdiyi hallarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan digər şəxslər istifadə edə bilərlər.

1.7. Platformanın texniki infrastrukturu Azərbaycan Respublikasının hüdudlarından kənarda, o cümlədən Avropa İttifaqı ölkələrində yerləşən məlumat mərkəzlərində yerləşə və istifadə oluna bilər. Fərdi məlumatların Azərbaycan Respublikasının hüdudlarından kənara ötürülməsi və emalı Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun olaraq həyata keçirilir. Qanunvericiliklə məlumat subyektinin razılığının tələb olunduğu hallarda belə razılıq müvafiq qaydada əldə edilir.

1.8. İcraçı fərdi məlumatların və digər informasiyanın toplanılması, emalı, saxlanılması və ötürülməsi zamanı Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə riayət edir və məlumatların məxfiliyinin, bütövlüyünün və əlçatanlığının təmin edilməsi məqsədilə müvafiq texniki və təşkilati təhlükəsizlik tədbirlərini həyata keçirir. Abunəçinin Platformaya daxil etdiyi üçüncü şəxslərə, o cümlədən müştərilərinə, işçilərinə və digər şəxslərə aid fərdi məlumatların emalı ilə bağlı tərəflərin hüquq və vəzifələri bu Ofertanın müddəaları və Məxfilik Siyasəti ilə müəyyən edilir.

1.9. İcraçının rəsmi bildirişlər üçün elektron poçt ünvanı [email protected]: texniki dəstək üçün elektron poçt ünvanı [email protected]-dır. İcraçının hüquqi ünvanı və bank rekvizitləri Abunəçiyə təqdim olunan müvafiq ödəniş sənədlərində və Platformanın “Əlaqə” bölməsində göstərilir.

2. XİDMƏTİN PREDMETİ

2.1. İcraçı Abunəçiyə Platformadan «xidmət kimi proqram təminatı» (SaaS) modeli əsasında istifadə müddəti ərzində qeyri-eksklüziv və üçüncü şəxslərə ötürülməsi mümkün olmayan istifadə hüququ verir. Platforma İcraçının serverlərində fəaliyyət göstərir və Abunəçiyə internet vasitəsilə təqdim olunur. Platformanın mənbə kodu və müstəqil işləyə bilən proqram nüsxəsi Abunəçiyə təqdim edilmir.

2.2. Platformanın fəaliyyətini təmin edən bəzi köməkçi komponentlər, o cümlədən mobil tətbiq və kassa avadanlığı ilə işləyən lokal proqram Abunəçinin cihazına quraşdırıla bilər. Bu komponentlərdən istifadə hüququ yalnız Platformadan istifadə müddəti ərzində və Platforma ilə birlikdə istifadə üçün verilir.

2.3. Platforma aşağıdakı biznes istiqamətləri üzrə istifadə üçün nəzərdə tutulur:

  • gözəllik və baxım;
  • ictimai iaşə;
  • təhsil və təlim;
  • ticarət və pərakəndə satış.

Abunəçiyə təqdim edilən funksional imkanlar onun seçdiyi biznes istiqamətinə, tarifə və aktivləşdirdiyi əlavə modullara uyğun olaraq müəyyən edilir.

2.4. Platformanın ayrı-ayrı funksiyalarının istifadəsi üçüncü şəxslərin xidmətlərindən, texniki infrastrukturdan və ya Abunəçinin müvafiq müqavilə münasibətlərindən asılı ola bilər.

2.4.1. İcraçı nağd hesablaşmaların qeydiyyatı aparatı və ya elektron kassa operatoru deyil və fiskal çekləri müstəqil qaydada formalaşdırmır. Fiskal çekin rəsmiləşdirilməsi, verilməsi və saxlanılması ilə bağlı qanuni öhdəliklər tam həcmdə Abunəçinin üzərində qalır. Bu bənd çərçivəsində: a) Platformadan e-kassa inteqrasiyası olmadan da istifadə edilə bilər. Bu halda Platformada formalaşan satış qeydləri, hesablaşma sənədləri və onların çap formaları Abunəçinin daxili uçot və əməliyyat sənədləri sayılır; fiskal çek deyil, fiskal çeki əvəz etmir və fiskal çek qismində təqdim edilə bilməz; b) e-kassa inteqrasiyasının qoşulması məcburi deyil və Abunəçinin öz mülahizəsi əsasında həyata keçirilir. Abunəçi bu imkanı Platformanın dəstəklədiyi akkreditə edilmiş e-kassa operatoru vasitəsilə reallaşdıra, yaxud Platformadan asılı olmayaraq öz e-kassa həllindən istifadə edə bilər; seçim Abunəçiyə məxsusdur; c) inteqrasiyanın qoşulması və fasiləsiz işləməsi Abunəçinin müvafiq operatorla bağladığı ayrıca müqavilədən, onun sərəncamında olan sertifikatlaşdırılmış avadanlıqdan və Abunəçinin texniki mühitindən (elektrik təchizatı, yerli şəbəkə, internet bağlantısı) asılıdır. İcraçı operatorun və avadanlığın fəaliyyətinə, onların əlçatanlığına və nasazlıqlarına, habelə Abunəçinin daxil etdiyi məlumatların düzgünlüyünə görə məsuliyyət daşımır. Bu müddəa İcraçının Platformada formalaşdırılan sənədin daxil edilmiş məlumatlara uyğun və operatorun texniki tələblərinə cavab verən qaydada hazırlanmasına dair məsuliyyətini məhdudlaşdırmır.

2.4.2. Abunəçinin öz müştərilərindən qəbul etdiyi ödənişlər üzrə vəsaitlər İcraçı tərəfindən qəbul edilmir, saxlanılmır və ya idarə olunmur və müvafiq bank, ödəniş və ya ekvayrinq xidməti vasitəsilə birbaşa Abunəçinin hesabına daxil olur. İcraçının həmin ödənişlərə münasibətdə rolu yalnız texniki-proqram təminatının təqdim edilməsi ilə məhdudlaşır.

2.4.3. Platforma randevu, rezervasiya və dərs xatırlatmaları göndərmək imkanını təqdim edə bilər. Belə bildirişlərin çatdırılması WhatsApp və digər üçüncü tərəf mesajlaşma xidmətlərindən asılı olduğundan, İcraçı hər bir bildirişin mütləq çatdırılacağına zəmanət vermir. İcraçı xidmətin fasiləsizliyini və etibarlılığını təmin etmək məqsədilə istifadə olunan kommunikasiya kanalını dəyişdirmək hüququna malikdir. Bildirişlərin aktivləşdirilməsi və istifadə qaydaları Abunəçi tərəfindən Platformanın müvafiq parametrləri vasitəsilə müəyyən edilir.

3. TƏRƏFLƏRİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ

3.1. İcraçının öhdəlikləri

a) Platformanı bu Ofertada nəzərdə tutulmuş funksional imkanlar çərçivəsində əlçatan saxlamağı;

b) Abunəçinin məlumatlarının mühafizəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə tətbiq olunan qanunvericiliyə, bu Ofertaya və Məxfilik Siyasətinə uyğun texniki və təşkilati tədbirlər görməyi;

c) planlaşdırılmış texniki işlər barədə mümkün olduğu hallarda Abunəçini əvvəlcədən məlumatlandırmağı;

d) Abunəçiyə öz məlumatlarını bu Ofertada nəzərdə tutulmuş qaydada ixrac etmək imkanını təmin etməyi;

e) Abunəçinin texniki dəstək müraciətlərinə müəyyən edilmiş iş vaxtı ərzində cavab verməyi;

f) Platformanın funksionallığına və ya Abunəçinin bu Oferta üzrə hüquq və öhdəliklərinə əhəmiyyətli təsir göstərə biləcək dəyişikliklər barədə Abunəçini bu Ofertada müəyyən edilmiş qaydada əvvəlcədən məlumatlandırmağı;

g) qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, Abunəçinin məlumatlarını onun razılığı olmadan üçüncü şəxslərə açıqlamamağı öhdəsinə götürür.

3.2. Abunəçinin öhdəlikləri

a) qeydiyyat və ödəniş zamanı düzgün, tam və aktual məlumatlar təqdim etməyi və həmin məlumatlarda dəyişiklik olduqda onları yeniləməyi;

b) hesabın giriş məlumatlarının məxfiliyini qorumağı və hesab vasitəsilə həyata keçirilən əməliyyatlara görə məsuliyyət daşımağı;

c) Platformadan istifadə hüquqlarını öz işçiləri və digər səlahiyyətli istifadəçiləri arasında onların vəzifə və səlahiyyətlərinə uyğun şəkildə bölüşdürməyi;

d) abunəlik haqqını bu Ofertada müəyyən edilmiş müddət və qaydada ödəməyi;

e) Platformadan Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Ofertanın şərtlərinə uyğun istifadə etməyi;

f) Platformanın fəaliyyətinə müdaxilə etməyə, onun təhlükəsizlik mexanizmlərini pozmağa, icazəsiz giriş əldə etməyə, tərs mühəndislik aparmağa və ya digər istifadəçilərin məlumatlarına icazəsiz çıxış əldə etməyə cəhd göstərməməyi;

g) Platformadan spam, saxtakarlıq xarakterli, qanunsuz və ya Platformanın fəaliyyətinə və təhlükəsizliyinə zərər vura biləcək məzmunun yayılması məqsədilə istifadə etməməyi öhdəsinə götürür.

3.3. Fərdi məlumatların emalı

3.3.1. Abunəçi Platformaya öz müştəriləri, tələbələri, qonaqları, işçiləri və digər şəxslər barədə fərdi məlumatlar daxil edə bilər. Abunəçi həmin məlumatların Platformaya daxil edilməsi və emalı üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun hüquqi əsasın mövcud olmasını təmin edir və qanunvericiliklə tələb olunan hallarda müvafiq şəxsləri məlumatlandırır və onların razılığını əldə edir.

3.3.2. Abunəçi Platformaya daxil etdiyi fərdi məlumatların qanuniliyinə, düzgünlüyünə və emal üçün müvafiq hüquqi əsasın mövcudluğuna görə məsuliyyət daşıyır. Abunəçi, həmçinin qanunvericiliklə tələb olunan hallarda yetkinlik yaşına çatmayan şəxslərin məlumatlarının emalı ilə bağlı valideynin və ya qanuni nümayəndənin müvafiq razılığının əldə edilməsini təmin edir.

3.3.3. Abunəçi Platformanın sərbəst mətn sahələrinə (müştəri qeydi, davamiyyət qeydi, işçi haqqında qeyd və s.) xüsusi kateqoriyalı fərdi məlumatları, o cümlədən şəxsin səhhəti barədə məlumatları daxil etməyəcəyini öhdəsinə götürür. Platforma belə məlumatların emalı üçün nəzərdə tutulmayıb və onlar üçün ayrıca texniki mühafizə mexanizmləri təqdim etmir; bu qadağanın pozulmasına görə məsuliyyət Abunəçinin üzərinə düşür.

3.3.4. İcraçı Abunəçinin tapşırıqları əsasında və yalnız Platformanın göstərilməsi üçün zəruri həcmdə fərdi məlumatları emal edir. İcraçının fərdi məlumatların emalı, mühafizəsi və təhlükəsizliyinin təmin edilməsi üzrə qanunvericilikdən irəli gələn öhdəlikləri Abunəçinin bu bölmədə nəzərdə tutulmuş öhdəlikləri ilə məhdudlaşdırılmır.

3.3.5. Abunəçinin bu bölmədə nəzərdə tutulmuş öhdəliklərini pozması nəticəsində üçüncü şəxslər və ya səlahiyyətli dövlət orqanları tərəfindən İcraçıya qarşı tələb, iddia və ya sanksiya irəli sürüldükdə, Tərəflər məsələnin həlli üçün əməkdaşlıq edirlər. Tələbin və ya sanksiyanın Abunəçinin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində yarandığı hallarda bununla bağlı məsuliyyət Abunəçinin üzərinə düşür.

3.3.6. İcraçı Abunəçiyə onun müştərilərini və digər məlumat subyektlərini məlumatlandırmaq məqsədilə nümunə məlumatlandırma mətnləri təqdim edə bilər. Belə mətnlərin Abunəçinin konkret fəaliyyətinə uyğunlaşdırılması və tətbiqi Abunəçinin məsuliyyətindədir.

4. TARİFLƏR, SINAQ MÜDDƏTİ VƏ LİMİTLƏR

4.1. Platformanın qüvvədə olan tarifləri, tariflərə daxil olan funksional imkanlar və istifadə limitləri Platformanın «Qiymətlər» səhifəsində və tətbiqdaxili tarif bölməsində dərc edilir və bu Ofertanın ayrılmaz hissəsini təşkil edir.

4.2. Tarif üzrə istifadə limitləri, o cümlədən işçilərin, müştəri kartlarının və məhsulların sayı, habelə aylıq mesaj kvotası müvafiq tarifin şərtləri ilə müəyyən edilir.

4.3. Müştəri kartları üzrə müəyyən edilmiş limitə çatdıqda Platformanın əsas funksiyaları dayandırılmır. Randevu və rezervasiya əməliyyatları müvafiq məlumatların məhdud həcmdə saxlanıldığı «qonaq rejimi»ndə davam etdirilə bilər. Tarif yüksəldildikdə belə qeydlərin müvafiq müştəri kartlarına çevrilməsi mümkün ola bilər.

4.4. Əlavə modullar əsas tarifə əlavə olaraq təqdim edilir və onların ödənişi Abunəçinin mövcud abunəlik dövrünə uyğun hesablanır.

4.5. Yeni qeydiyyatdan keçən Abunəçilərə 7 (yeddi) təqvim günü müddətində pulsuz sınaq istifadəsi təqdim edilir. Sınaq müddətinin başlanması üçün bank kartı məlumatlarının təqdim edilməsi tələb olunmur. Sınaq müddəti başa çatdıqda abunəlik avtomatik olaraq ödənişli rejimə keçirilmir və xidmətin ödənişli əsaslarla davam etdirilməsi üçün Abunəçinin müvafiq tarifi seçərək ödəniş etməsi tələb olunur.

4.6. İcraçı tarifləri dəyişdirmək hüququna malikdir. Mövcud Abunəçilər üçün abunəlik haqqının artırılması barədə Abunəçiyə elektron poçt vasitəsilə və/və ya Platformada yerləşdirilən bildiriş vasitəsilə məlumat verilir. Yeni tarif yalnız növbəti ödəniş dövrünün başlanmasından etibarən tətbiq edilir. Abunəçi yeni tariflə razılaşmadıqda abunəliyini növbəti ödəniş dövrünün başlanmasından əvvəl ləğv edə bilər.

4.7. İcraçı promo kodlar, xüsusi təkliflər və digər kampaniyalar çərçivəsində müəyyən müddət üçün endirimli və ya ödənişsiz istifadə imkanı təqdim edə bilər. Endirim və ya xüsusi təklif üçün müəyyən edilmiş müddət başa çatdıqda, ayrıca qayda nəzərdə tutulmadıqda, müvafiq standart tarif avtomatik tətbiq edilir. Fərdi qaydada təqdim edilmiş endirim və ya ödənişsiz istifadə imkanı Abunəçi üçün davamlı və ya gələcək dövrlər üzrə hüquq yaratmır.

5. ÖDƏNİŞ ŞƏRTLƏRİ

5.1. Bütün hesablaşmalar Azərbaycan manatı (AZN) ilə aparılır. Abunəlik aylıq və ya illik əsaslarla seçilə bilər. Abunəlik müddəti Abunəçinin ilk uğurlu ödənişinin həyata keçirildiyi tarixdən başlayır.

5.2. İcraçı hər ödəniş dövrü üzrə Abunəçiyə müvafiq elektron qaimə-faktura təqdim edir. Abunəçi elektron qaimə-fakturanın düzgün tərtib edilməsi üçün zəruri məlumatları və həmin məlumatlarda dəyişiklik olduqda İcraçını məlumatlandırmalıdır.

5.3. Vergi. İcraçı hazırda əlavə dəyər vergisinin (ƏDV) ödəyicisi deyil. Platformanın «Qiymətlər» bölməsində göstərilən məbləğlər yekun məbləğdir və onların üzərinə ƏDV və ya digər əlavə vergi hesablanmır. İcraçı qanunvericiliyə uyğun olaraq ƏDV ödəyicisi kimi qeydiyyata alındıqda bu barədə Abunəçilərə əvvəlcədən bildiriş göndərilir və ƏDV yalnız qeydiyyat tarixindən sonrakı ödəniş dövrlərinə tətbiq edilir.

5.4. Kart məlumatları. Ödənişlər İcraçının istifadə etdiyi ödəniş provayderinin təhlükəsiz ödəniş səhifəsi vasitəsilə bank kartı ilə həyata keçirilir. Kartın tam nömrəsi, son istifadə tarixi və CVV/CVC kodu İcraçı tərəfindən toplanılmır, saxlanılmır və İcraçının informasiya sistemlərinə ötürülmür, həmin məlumatlar yalnız ödəniş provayderində və emitent bankda saxlanılır. İcraçının sistemində kart nömrəsi saxlanılmır. Ekranda yalnız kartın son dörd rəqəmi və növü (məsələn, «Visa •••• 4321») göstərilir ki, Abunəçi hansı kartla ödədiyini tanıya bilsin. Bu göstərici ilə ödəniş etmək, kart nömrəsini bərpa etmək və ya kartdan hər hansı formada istifadə etmək mümkün deyil.

5.5. Kartın yadda saxlanılması. Ödəniş zamanı Abunəçi ödəniş səhifəsindəki müvafiq xananı işarələməklə kartının sonrakı ödənişlər üçün yadda saxlanılmasına razılıq verə bilər. Bu xana ilkin olaraq işarələnmiş vəziyyətdə deyil və onun işarələnməməsi ödənişin həyata keçirilməsinə mane olmur. Razılıq verildikdə kart ödəniş provayderi tərəfindən tokenləşdirilir; İcraçı həmin kartdan yalnız bu Ofertada nəzərdə tutulmuş hallarda istifadə edə bilər.

5.6. Yadda saxlanılmış kartdan istifadə. Yadda saxlanılmış kart aşağıdakı hallarda istifadə edilə bilər: (i) avtomatik yenilənmə aktiv olduqda abunəlik dövrünün sonunda; (ii) Abunəçinin özünün abunəlik müddətini uzatması zamanı; (iii) Abunəçinin tarifi və ya əlavə modulları dəyişməsi zamanı. (ii) və (iii) hallarında ödəniş yalnız Abunəçinin həmin əməliyyat üzrə təsdiqi əsasında həyata keçirilir və kart məlumatlarının yenidən daxil edilməsi tələb olunmur.

5.7. Kartın silinməsi. Abunəçi yadda saxlanılmış kartı istənilən vaxt Platformadakı «Abunəlik» bölməsindən silə bilər. Kartın silinməsi abunəliyə xitam vermir: cari ödənilmiş dövr sonunadək davam edir, lakin avtomatik yenilənmə həyata keçirilə bilmir və növbəti ödəniş Abunəçinin özü tərəfindən edilməlidir. Kartın müddəti bitdikdə və ya bank tərəfindən bloklandıqda da eyni qayda tətbiq edilir.

5.8. Avtomatik yenilənmə. Abunəçi ödəniş zamanı və ya Platformadakı «Abunəlik» bölməsindən avtomatik yenilənməni aktivləşdirə bilər. Aktivləşdirmə zamanı Abunəçiyə ödənişin məbləği, dövriliyi və avtomatik yenilənmənin dayandırılması qaydası barədə məlumat təqdim edilir. Avtomatik yenilənmə aktiv olduqda abunəlik cari ödəniş dövrünün sonunda avtomatik olaraq növbəti eyni müddətə uzadılır və müvafiq ödəniş Abunəçinin hər dəfə ayrıca təsdiqi tələb olunmadan yadda saxlanılmış kartdan həyata keçirilir. Tətbiq edilən endirimlər, promo kodlar, tarif dəyişiklikləri və əlavə modullar nəzərə alınmaqla ödəniləcək məbləğ hər ödəniş dövrü üzrə fərqli ola bilər. Uğurlu ödənişdən sonra Abunəçiyə elektron qəbz göndərilir.

5.9. Avtomatik ödənişin həyata keçirilməsi uğursuz olduqda, İcraçı Abunəçiyə bu barədə bildiriş göndərir və ödənişi növbəti gün ərzində təkrar etməyə cəhd göstərir. Ödənişin uğursuz olduğu tarixdən etibarən 3 (üç) günlük güzəşt müddəti tətbiq edilir və bu müddət ərzində Platforma tam funksional olaraq əlçatan qalır. Güzəşt müddəti ərzində ödəniş həyata keçirilmədikdə, Abunəçinin hesabı dayandırılır və Platformaya giriş məhdudlaşdırılır. Ödəniş həyata keçirildikdə dayandırılmış hesab dərhal bərpa olunur.

5.10. Abunəçi ilk ödənişin həyata keçirildiyi tarixdən etibarən 14 (on dörd) gün ərzində səbəb göstərmədən abunəlikdən imtina edə və ödədiyi məbləğin tam geri qaytarılmasını tələb edə bilər.

5.11. Aylıq abunəlik ödənişli dövr başa çatmazdan əvvəl ləğv edildikdə, həmin dövr üzrə ödənilmiş məbləğ geri qaytarılmır və Platformadan istifadə hüququ ödənilmiş dövrün sonunadək davam edir.

5.12. İllik abunəlik ödənişli dövr başa çatmazdan əvvəl ləğv edildikdə, istifadə olunmamış tam aylar üzrə proporsional geri qaytarma həyata keçirilir. Geri qaytarılacaq məbləğ hesablanarkən illik abunəliyə tətbiq edilmiş endirim nəzərə alınır və faktiki istifadə edilmiş müddətin müvafiq aylıq tarif üzrə dəyəri ödənilmiş məbləğdən çıxılır.

5.13. İcraçının təqsiri nəticəsində Platformanın ardıcıl olaraq 24 (iyirmi dörd) saatdan artıq müddətdə əlçatan olmaması halında Abunəçinin seçiminə əsasən abunəlik müddəti Platformanın əlçatmaz olduğu müddətin iki misli qədər uzadılır və ya həmin müddətə uyğun proporsional geri qaytarma həyata keçirilir. Planlaşdırılmış texniki işlər və İcraçının nəzarətindən kənarda olan üçüncü tərəf xidmətlərinin fəaliyyətində yaranan fasilələr bu müddəanın tətbiqi məqsədləri üçün Platformanın əlçatmazlığı hesab edilmir.

5.14. Geri qaytarma Abunəçinin ilkin ödənişi həyata keçirdiyi ödəniş vasitəsinə, geri qaytarma sorğusunun təsdiq edildiyi tarixdən etibarən 10 (on) iş günü ərzində həyata keçirilir. Abunəçinin bu Ofertanın şərtlərini pozması nəticəsində abunəliyə xitam verildikdə və ya ödəniş həyata keçirilməmiş sınaq müddəti başa çatdıqda geri qaytarma həyata keçirilmir.

6. MƏLUMATLARIN İXRACI, HESABIN DAYANDIRILMASI VƏ XİTAMI

6.1. Abunəçi istənilən vaxt, əlavə ödəniş tələb olunmadan, öz məlumatlarını maşınla oxunan formatda ixrac edə bilər. Ayrı-ayrı məlumat bölmələri (müştərilər, satışlar, anbar, maliyyə və s.) müvafiq bölmədən birbaşa yüklənə bilər. Bütün biznes məlumatlarının tam ixracı ayrıca fayl şəklində hazırlanır və hazır olduqdan sonra 7 (yeddi) gün ərzində yüklənə bilər. Göstərilən müddət başa çatdıqda ixrac faylı silinir və Abunəçi tərəfindən yenidən ixrac sorğusu göndərilə bilər.

6.2. İcraçı aşağıdakı hallarda Abunəçinin hesabını müvəqqəti dayandıra bilər: Abunəçinin ödəniş öhdəliklərini yerinə yetirməməsi, bu Ofertanın əhəmiyyətli şəkildə pozulması, qanunsuz fəaliyyət əlamətlərinin müəyyən edilməsi, habelə Platformanın və ya digər Abunəçilərin təhlükəsizliyinə təhdid yaranması. Təxirəsalınmaz təhlükəsizlik tədbirlərinin görülməsini tələb edən hallar istisna olmaqla, hesabın dayandırılmasından əvvəl Abunəçiyə müvafiq bildiriş göndərilir.

6.3. Hesabda uzunmüddətli fəaliyyət olmadıqda aşağıdakı tədbirlər tətbiq edilə bilər: 30 (otuz) gün fəaliyyətsizlikdən sonra e-poçt vasitəsilə xəbərdarlıq göndərilir; 90 (doxsan) gün fəaliyyətsizlikdən sonra hesab avtomatik olaraq dayandırılır; 180 (yüz səksən) gün fəaliyyətsizlikdən sonra hesab silinməyə namizəd statusuna keçirilir. Hesabın silinməsi yalnız ayrıca təsdiqdən sonra həyata keçirilir.

6.4. Abunəçi abunəliyi istənilən vaxt ləğv edə bilər. Ləğv cari ödənilmiş abunəlik dövrünün sonunda qüvvəyə minir və həmin tarixədək Platformadan istifadə davam etdirilə bilər.

6.5. Abunəçi hesabın tamamilə silinməsi barədə sorğu verə bilər. Hesabın təhlükəsizliyinin təmin edilməsi məqsədilə silinmə əməliyyatının təsdiqi üçün hesab şifrəsi, Abunəçinin e-poçt ünvanına göndərilən təsdiq kodu və təsdiq mətninin daxil edilməsi tələb olunur.

6.6. Hesabın silinməsi barədə sorğudan sonra Abunəçinin məlumatları 30 (otuz)gün ərzində bərpa edilə bilən vəziyyətdə saxlanılır. Həmin müddət başa çatdıqdan sonra məlumatlar, qanunvericiliklə daha uzun müddət saxlanılması tələb olunan hallar istisna olmaqla, avtomatik və geri dönməz şəkildə silinir. Fərdi məlumatların toplanılması və işlənilməsi məqsədlərinə nail olunduqda və həmin məlumatların saxlanılması üçün qanuni əsas aradan qalxdıqda, belə məlumatlar qanunvericiliyin tələblərinə uyğun olaraq silinməli və ya məhv edilməlidir.

6.7. Mühasibat və vergi sənədləri, o cümlədən hesab-fakturalar və ödəniş qeydləri, habelə nəzarət və audit jurnalları qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində, lakin müvafiq hallarda ən azı 5 (beş) il müddətində saxlanılır. Bu məlumatların saxlanılması müddəti başa çatdıqda və onların saxlanılması üçün digər qanuni əsas olmadıqda, həmin məlumatlar silinir, məhv edilir və ya anonimləşdirilir.

7. ƏQLİ MÜLKİYYƏT

7.1. Platforma və onun bütün komponentləri, o cümlədən mənbə və obyekt kodları, proqram təminatı, dizayn, interfeys, verilənlər bazasının strukturu və təşkili, texniki və istifadəçi sənədləşməsi, «BiznesBoss» adı, loqosu, əmtəə nişanları və digər fərqləndirici vasitələri üzərində əqli mülkiyyət hüquqları İcraçıya məxsusdur. Bu Oferta ilə həmin hüquqların hər hansı hissəsi Abunəçiyə verilmir və ya özgəninkiləşdirilmir.

7.2. Bu Oferta əsasında Abunəçiyə yalnız abunəlik müddəti ərzində öz sahibkarlıq fəaliyyəti məqsədləri üçün Platformadan istifadə etmək hüququ verilir. Bu hüquq qeyri-eksklüziv, məhdud və üçüncü şəxslərə ötürülməyən xarakter daşıyır. Abunəçi Platformanı və ya onun hər hansı komponentini kopyalamaq, yaymaq, dəyişdirmək, dekompilyasiya etmək, tərs mühəndisliyə məruz qoymaq, törəmə əsər və ya məhsul yaratmaq, satmaq, icarəyə vermək, lisenziyalaşdırmaq və ya digər şəxslərin istifadəsinə vermək hüququna malik deyil.

7.3. Abunəçinin Platformaya daxil etdiyi və ya Platformadan istifadə etməklə yaratdığı məlumatlar üzərində hüquqlar Abunəçiyə məxsusdur və ya Abunəçi tərəfindən qanuni əsaslarla idarə olunur. İcraçı həmin məlumatlar üzərində hər hansı mülkiyyət və ya digər hüquq iddia etmir və onları yalnız bu Oferta üzrə xidmətlərin göstərilməsi, Platformanın fəaliyyəti və qanunvericiliklə nəzərdə tutulmuş digər qanuni məqsədlər üçün zəruri həcmdə emal edir.

7.4. Abunəçi İcraçıya öz adına, əmtəə nişanına, loqosuna və digər fərqləndirici vasitələrinə dair istifadə hüququnu yalnız Platformanın Abunəçiyə göstərilməsi çərçivəsində verir. Bu hüquq, o cümlədən, Abunəçinin Platformadakı interfeysində, elektron və ya fiskal çeklərdə, QR menyuda və digər funksional elementlərdə müvafiq ad və loqodan istifadəni əhatə edir.

7.5. Abunəçinin adı, loqosu və digər fərqləndirici vasitələri İcraçı tərəfindən referens, reklam, marketinq və ya digər kommersiya məqsədləri ilə yalnız Abunəçinin əvvəlcədən yazılı razılığı əsasında istifadə edilə bilər.

7.6. Abunəçinin Platformanın fəaliyyəti və ya funksionallığı ilə bağlı İcraçıya təqdim etdiyi rəy, təklif və digər geribildirimlər, İcraçı tərəfindən əlavə ödəniş və ya Abunəçiyə qarşı hər hansı öhdəlik yaratmadan Platformanın və xidmətlərin təkmilləşdirilməsi məqsədilə istifadə edilə bilər. Bu müddəa Abunəçinin məxfi məlumatlarına və onun əqli mülkiyyət hüquqlarına şamil edilmir.

8. FORS-MAJOR

8.1. Müqavilənin məqsədləri üçün, Fors-Major dedikdə, Tərəflərin iradəsindən asılı olmayan, onların ağlabatan ehtiyatlılığı və səyləri ilə qarşısının alınması mümkün olmayan və Tərəflərin bu Müqavilə üzrə öhdəliklərini tam və ya qismən yerinə yetirməsinə əhəmiyyətli dərəcədə mane olan hadisə başa düşülür. Tərəflər belə Fors-Major hadisəsinin birbaşa təsiri nəticəsində öhdəliklərini tam və ya qismən yerinə yetirə bilməməsinə görə məsuliyyət daşımırlar.

8.2. Fors-major hallara, o cümlədən, lakin bunlarla məhdudlaşmamaqla, zəlzələ, daşqın, yanğın və digər təbii fəlakətlər, epidemiya və ya pandemiya, müharibə, hərbi əməliyyatlar, terror aktları, iğtişaşlar, üsyan və digər kütləvi qarışıqlıqlar, dövlət orqanlarının qərar və ya göstərişləri, fövqəladə vəziyyət və ya digər xüsusi hüquqi rejimlərin tətbiqi, kütləvi internet və ya telekommunikasiya kəsintiləri, bulud və ya digər kritik texnoloji infrastrukturun genişmiqyaslı sıradan çıxması, habelə genişmiqyaslı kiberhücumlar aid edilir.

8.3. Fors-major halının təsirinə məruz qalan Tərəf digər Tərəfi mümkün qədər qısa müddətdə, lakin həmin hal barədə məlumat əldə etdiyi tarixdən etibarən 5 (beş) iş günü ərzində yazılı və ya elektron şəkildə məlumatlandırmalıdır. Bildirişdə fors-major halının xarakteri, mümkün olduğu təqdirdə onun gözlənilən müddəti və öhdəliklərin icrasına təsiri göstərilməlidir.

8.4. Fors-major halının təsirinə məruz qalan Tərəf həmin halın nəticələrinin aradan qaldırılması və öhdəliklərin icrasının mümkün qədər tez bərpa edilməsi üçün tədbirlər görməlidir. Fors-major halı davam etdiyi müddətdə onun bilavasitə təsir etdiyi öhdəliklərin icrası həmin halın təsir müddəti ərzində təxirə salınır.

8.5. Fors-major halı 60 (altmış) təqvim günündən artıq davam etdikdə və Tərəflərdən birinin öhdəliklərinin icrasına əhəmiyyətli dərəcədə mane olduqda, hər bir Tərəf digər Tərəfə yazılı bildiriş göndərməklə müqaviləyə xitam verə bilər. Belə xitam həmin tarixədək yaranmış və icrası mümkün olan öhdəliklərə təsir etmir.

9. MƏSULİYYƏT

9.1. Tərəflər Müqavilə üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmədikdə və ya lazımi qaydada yerinə yetirmədikdə, Azərbaycan Respublikasının qanunvericiliyinə və Müqavilənin şərtlərinə uyğun olaraq digər Tərəfə vurduqları birbaşa zərərə görə məsuliyyət daşıyırlar.

9.2. İcraçı Abunəçinin Platformadan istifadəsi nəticəsində yaranan əldən çıxmış gəlir və ya mənfəətə, dolayı və ya təsadüfi zərərə, habelə Abunəçinin öz işçiləri və ya üçüncü şəxslər tərəfindən hesaba icazəsiz giriş nəticəsində yaranan zərərə görə, belə zərərin İcraçının təqsiri və ya qanunsuz hərəkəti nəticəsində yarandığı hallar istisna olmaqla, məsuliyyət daşımır.

9.3. İcraçının bu Müqavilə üzrə ümumi məsuliyyəti tələbin yaranmasına səbəb olan hadisədən əvvəlki 12 (on iki) ay ərzində Abunəçi tərəfindən faktiki olaraq ödənilmiş abunəlik haqlarının ümumi məbləği ilə məhdudlaşır.

9.4. Bu Müqavilədə nəzərdə tutulmuş məsuliyyətin məhdudlaşdırılması İcraçının qəsdən və ya kobud ehtiyatsızlıqla törətdiyi hərəkətlər nəticəsində vurulmuş zərərə, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyətin məhdudlaşdırılmasına yol verilməyən hallara şamil edilmir.

9.5. Tərəflərdən heç biri digər Tərəfin təqsiri, hərəkəti və ya hərəkətsizliyi nəticəsində yaranmayan və ya Fors-Major halların təsiri ilə baş verən zərərə görə məsuliyyət daşımır. Fors-Major hallarla bağlı məsuliyyət məsələləri bu Müqavilənin 8-ci bölməsinə uyğun olaraq müəyyən edilir.

10. MÜBAHİSƏLƏRİN HƏLLİ VƏ TƏTBİQ OLUNAN HÜQUQ

10.1. Bu Oferta, onun qəbul edilməsi nəticəsində yaranan müqavilə münasibətləri və həmin münasibətlərlə bağlı bütün məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir və şərh edilir.

10.2. Tərəflər bu Oferta ilə bağlı və ya ondan irəli gələn hər hansı mübahisə, fikir ayrılığı və ya tələbi, ilk növbədə, danışıqlar yolu ilə həll etməyə çalışırlar. Mübahisənin həlli məqsədilə maraqlı Tərəf digər Tərəfə mübahisənin mahiyyətini və irəli sürülən tələbləri əks etdirən yazılı bildiriş göndərir. Digər Tərəf həmin bildirişi aldığı tarixdən etibarən 15 (on beş) iş günü ərzində öz mövqeyini yazılı şəkildə bildirir.

10.3. Tərəflər 10.2-ci bənddə nəzərdə tutulmuş danışıqlar nəticəsində mübahisəni həll edə bilmədikdə, mübahisə Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq səlahiyyətli məhkəmədə həll edilir. Qanunvericiliklə başqa aidiyyət qaydası müəyyən edilmədiyi halda, mübahisələrə Bakı şəhərinin səlahiyyətli məhkəmələrində baxılır.

11. OFERTAYA DƏYİŞİKLİKLƏR

11.1. İcraçı bu Ofertaya dəyişiklik və əlavələr etmək hüququna malikdir.

11.2. Abunəçinin hüquq və öhdəliklərinə, abunəlik haqqına, ödəniş qaydasına, məsuliyyətə və ya fərdi məlumatların emalı şərtlərinə əhəmiyyətli təsir göstərən dəyişikliklər barədə Abunəçiyə ən azı 15 (on beş) təqvim günü əvvəl elektron poçt vasitəsilə və/və ya Platformada yerləşdirilən bildiriş vasitəsilə məlumat verilir. Qanunvericiliklə ayrıca razılığın alınması tələb olunan hallarda müvafiq razılıq müəyyən edilmiş qaydada əldə edilir.

11.3. Abunəçi dəyişikliklərlə razılaşmadıqda, dəyişikliklərin qüvvəyə minməsindən əvvəl abunəliyini ləğv edə bilər. Dəyişikliklərin qüvvəyə minməsindən sonra Platformadan istifadənin davam etdirilməsi Abunəçinin yeni şərtlərin qəbul etməsi kimi qiymətləndirilir.

12. YEKUN MÜDDƏALAR

12.1. Platforma mövcud funksional imkanları və texniki xüsusiyyətləri çərçivəsində təqdim edilir. İcraçı Platformanın fasiləsiz və xətasız fəaliyyətinə zəmanət vermir, lakin onun davamlı, təhlükəsiz və etibarlı fəaliyyətinin təmin edilməsi üçün ağlabatan tədbirlər görür və qanunvericilikdə nəzərdə tutulmuş informasiya təhlükəsizliyi tədbirlərini həyata keçirir.

12.2. İcraçı texniki xidmət, yenilənmə və digər zəruri texniki işlərin aparılması məqsədilə Platformanın fəaliyyətini müvəqqəti dayandıra bilər. Mümkün olduğu hallarda belə işlər barədə Abunəçiyə ən azı 24 (iyirmi dörd) saat əvvəl bildiriş göndərilir. Planlı texniki işlərlə əlaqədar yaranan fasilələr xidmətin lazımi qaydada göstərilməməsi hesab edilmir.

12.3. Platformanın ayrı-ayrı funksiyaları üçüncü şəxslər tərəfindən təqdim edilən xidmətlərdən, o cümlədən bulud infrastrukturu, elektron poçt, mesajlaşma xidmətləri və ödəniş xidmətlərindən asılı ola bilər. Belə xidmətlərin fəaliyyətində yaranan fasilələrə görə İcraçının məsuliyyəti bu Ofertanın 9-cu bölməsi ilə müəyyən edilir.

12.4. İcraçı tərəfindən Abunəçiyə göndərilən bildirişlər Abunəçinin qeydiyyat zamanı təqdim etdiyi elektron poçt ünvanına və/və ya Platformanın bildiriş sistemi vasitəsilə göndərilir. Bildiriş elektron poçt vasitəsilə göndərildiyi və ya Platformada yerləşdirildiyi andan lazımi qaydada təqdim edilmiş hesab olunur. Abunəçi öz əlaqə məlumatlarının, o cümlədən elektron poçt ünvanının aktuallığını təmin etməyə borcludur.

12.5. Tərəflər əməkdaşlıq çərçivəsində əldə etdikləri məxfi və kommersiya sirri təşkil edən məlumatları qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, üçüncü şəxslərə açıqlamamağı və həmin məlumatlardan yalnız bu Müqavilənin icrası məqsədləri üçün istifadə etməyi öhdələrinə götürürlər. Fərdi məlumatların emalı və mühafizəsi bu Müqavilənin və tətbiq olunan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir.

12.6. İcraçı tərəfindən texniki dəstəyin göstərilməsi məqsədilə Abunəçinin hesabına giriş yalnız Abunəçinin Platforma üzərindən əvvəlcədən verdiyi açıq təsdiq əsasında həyata keçirilə bilər. Belə giriş 30 (otuz) dəqiqədən artıq davam edə bilməz və Abunəçinin əməliyyat jurnalında qeydə alınır. Texniki dəstək üçün təkrar giriş yalnız Abunəçinin hər dəfə ayrıca təsdiqi əsasında həyata keçirilə bilər.

12.7. Abunəçinin İcraçıya rəsmi müraciətləri [email protected] elektron poçt ünvanına göndərilir. Tərəflər elektron poçt vasitəsilə aparılan yazışmaları, onların göndərilməsi və qəbul edilməsini təsdiq edən texniki məlumatlarla birlikdə, yazılı sübut kimi tanıyırlar.

12.8. Bu Ofertanın hər hansı müddəasının qanunvericiliyə uyğun olaraq etibarsız hesab edilməsi digər müddəaların hüquqi qüvvəsinə təsir göstərmir.

12.9. Bu Oferta Azərbaycan dilində tərtib edilmişdir. Ofertanın digər dillərə tərcümə edilmiş variantları ilə Azərbaycan dilindəki mətn arasında hər hansı ziddiyyət və ya uyğunsuzluq yarandıqda, Azərbaycan dilindəki mətn üstün hüquqi qüvvəyə malikdir.

12.10. Bu Ofertanın ayrılmaz tərkib hissəsini onun əlavələri, habelə Məxfilik Siyasəti, Çərəz Siyasəti və Platformanın “Qiymətlər” bölməsində dərc edilmiş və qüvvədə olan tariflər təşkil edir.

12.11. Həmin sənədlərin müddəaları ilə bu Ofertanın müddəaları arasında ziddiyyət yarandıqda, bu Ofertanın müddəaları üstünlük təşkil edir. Bu qaydadan istisna olaraq, fərdi məlumatların toplanılması, saxlanılması, istifadəsi, ötürülməsi və digər formada emalı ilə bağlı məsələlərdə Əlavə 1-in müddəaları üstün qüvvəyə malikdir.

Bu Əlavə Abunəçinin Platformaya daxil etdiyi, onun müştərilərinə, tələbələrinə, qonaqlarına, işçilərinə və təchizatçılarına aid, fərdi məlumatların işlənməsi şərtlərini müəyyən edir. Bənd nömrələri Əlavənin öz daxilindədir.

1. TƏRƏFLƏR

1.1. «Operator»: İcraçı, yəni «BiznesBoss» MMC, Mülkiyyətçinin tapşırığı əsasında və onun adından fərdi məlumatları emal edən tərəf.

1.2. «Mülkiyyətçi»: Abunəçi, yəni fərdi məlumatların toplanılması və emalının məqsədlərini və vasitələrini müəyyən edən tərəf.

1.3. «Subyekt»: fərdi məlumatları emal olunan fiziki şəxs, o cümlədən Mülkiyyətçinin müştərisi, qonağı, tələbəsi, işçisi və ya təchizatçısının əlaqədar şəxsi.

1.4. «Emal»: fərdi məlumatlar üzərində həyata keçirilən hər hansı əməliyyat və ya əməliyyatlar məcmusu, o cümlədən məlumatların toplanılması, qeydə alınması, sistemləşdirilməsi, saxlanılması, dəyişdirilməsi, istifadəsi, çıxarılması, ötürülməsi, məhdudlaşdırılması, silinməsi və məhv edilməsi.

1.5. «Qanunvericilik»: Azərbaycan Respublikasının «Fərdi məlumatlar haqqında» Qanunu, «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» Qanunu və fərdi məlumatların, informasiyanın toplanılması, emalı, saxlanılması, mühafizəsi və ötürülməsini tənzimləyən digər normativ hüquqi aktlar.

2. Tərəflərin rolları

2.1. Mülkiyyətçi fərdi məlumatların emalının məqsədlərini və əsas şərtlərini müəyyən edir, o cümlədən sistemə hansı müştərilərin daxil ediləcəyini, hansı məlumatların sistemdə qeydə alınacağını, habelə hansı şəxslərə, hansı hallarda və hansı müddətlərdə mesajların göndəriləcəyini müəyyənləşdirir.

2.2. Operator fərdi məlumatların emalını yalnız Mülkiyyətçinin sənədləşdirilmiş göstərişləri əsasında və Ofertanın icrası üçün zəruri olan həcmdə həyata keçirir. Operator Mülkiyyətçiyə məxsus fərdi məlumatlardan öz müstəqil məqsədləri üçün istifadə etmir və həmin məlumatları Ofertada nəzərdə tutulmuş məqsədlərdən kənar emal etmir.

2.3. Mülkiyyətçinin özünə aid hesab və rekvizit məlumatları, abunəlik və ödəniş məlumatları, sistemə giriş və autentifikasiya qeydləri, habelə dəstək müraciətləri ilə bağlı məlumatlar bu Əlavə çərçivəsində Mülkiyyətçinin fərdi məlumatlarının emalı hesab edilmir. Həmin məlumatlarla bağlı Operator müvafiq hallarda müstəqil məlumat mülkiyyətçisi qismində çıxış edir və onların emalı Operatorun Məxfilik Siyasəti ilə tənzimlənir.

2.4. Mülkiyyətçinin fərdi məlumatların toplanması və emalı ilə bağlı təminat və öhdəlikləri Ofertanın 3-ci bölmədə müəyyən edilir və həmin müddəalar bu Əlavənin ayrılmaz hissəsini təşkil edir.

2.5. Platforma xüsusi kateqoriyalı fərdi məlumatların və biometrik məlumatların toplanması və emalı üçün nəzərdə tutulmamışdır. Platformanın funksional imkanları müştərilərin və işçilərin fotoşəkillərinin yüklənməsini və saxlanılmasını nəzərdə tutmur.

2.6. Operator Mülkiyyətçinin hər hansı göstərişinin Qanunvericiliyin tələblərinə zidd olduğuna dair əsaslı şübhəyə malik olduqda, bu barədə Mülkiyyətçini dərhal məlumatlandırır. Belə halda Operator, Qanunvericiliyin tələblərinə zidd olan göstəriş üzrə emalı dayandırmaq və ya həmin göstərişin icrasından imtina etmək hüququna malikdir.

3. Operatorun öhdəlikləri

3.1. Fərdi məlumatları yalnız Mülkiyyətçinin sənədləşdirilmiş göstərişləri əsasında, Ofertanın və bu Əlavənin məqsədlərinə uyğun olaraq və Qanunvericiliyin tələblərinə riayət etməklə emal etmək.

3.2. Fərdi məlumatları satmamaq, özgəninkiləşdirməmək, reklam və ya marketinq məqsədləri üçün istifadə etməmək, habelə bu Əlavənin 6-cı bölməsində nəzərdə tutulmuş hallar istisna olmaqla, onları üçüncü şəxslərə təqdim etməmək və ya əlçatan etməmək.

3.3. Bir Mülkiyyətçiyə aid Fərdi məlumatların digər Mülkiyyətçilər tərəfindən əldə edilməsinin, onlara açıqlanmasının və ya hər hansı digər formada əlçatan edilməsinin qarşısını almaq.

3.4. Fərdi məlumatlara çıxışı yalnız həmin məlumatların emalı əmək funksiyalarının icrası üçün zəruri olan əməkdaşlarla məhdudlaşdırmaq və belə əməkdaşların Fərdi məlumatların məxfiliyinin qorunması ilə bağlı müvafiq öhdəliklər götürməsini təmin etmək.

3.5. Bu Əlavənin 9-cu bölməsində nəzərdə tutulmuş təşkilati və texniki mühafizə tədbirlərini tətbiq etmək, onları lazımi səviyyədə saxlamaq və Fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi üçün zəruri hallarda yeniləmək.

3.6. Mülkiyyətçiyə Qanunvericilikdən irəli gələn öhdəliklərini yerinə yetirməsi üçün, emalın xarakteri və Operatorun malik olduğu məlumatlar nəzərə alınmaqla, ağlabatan və əsaslandırılmış həddə zəruri köməklik göstərmək.

4. Emalın təsviri

4.1. Fərdi məlumatların Mülkiyyətçinin biznes əməliyyatlarının, o cümlədən randevu və rezervasiyaların, satış əməliyyatlarının, təhsil prosesinin və anbar fəaliyyətinin idarə edilməsi məqsədilə toplanılması, sistemdə qeydiyyata alınması, saxlanılması, əldə edilməsi, istifadəsi, göstərilməsi, dəyişdirilməsi, silinməsi və bildirişlərin göndərilməsi.

4.2. Fərdi məlumatların emalı aşağıdakı məqsədlər üçün həyata keçirilir:

a) randevu və rezervasiyaların idarə edilməsi;

b) müştəri tarixçəsinin aparılması;

c) satış və ödəniş qeydlərinin aparılması;

d) xatırlatma və digər xidmət bildirişlərinin göndərilməsi;

e) təhsil prosesinin idarə edilməsi;

f) işçi cədvəllərinin və əmək haqqı hesablamalarının idarə edilməsi;

g) hesabatların hazırlanması;

h) Qanunvericiliyin tələblərinə uyğun olaraq əməliyyat jurnallarının aparılması.

4.3. Fərdi məlumatların emalı Ofertanın qüvvədə olduğu müddət ərzində həyata keçirilir və Ofertanın 6-cı bölməsində müəyyən edilmiş məlumatların silinməsi müddətlərinə tabedir.

4.4. Emal olunan Fərdi məlumatların subyektləri aşağıdakı şəxslər ola bilər:

a) Mülkiyyətçinin müştəriləri;

b) Mülkiyyətçinin tələbələri, o cümlədən yetkinlik yaşına çatmayan şəxslər;

c) Mülkiyyətçinin əməkdaşları;

d) Mülkiyyətçinin təchizatçılarının əlaqədar şəxsləri.

4.5. Emal edilə bilən Fərdi məlumatlara aşağıdakılar daxildir:

a) şəxsiyyəti və əlaqəni müəyyən etməyə imkan verən məlumatlar, ad, telefon nömrəsi, elektron poçt ünvanı, doğum tarixi və cins;

b) Mülkiyyətçi tərəfindən sistemə daxil edilən qeydlər və müştərinin statusu;

c) xidmət tarixçəsi, randevu, rezervasiya, gözləmə növbəsi, dərs və davamiyyət məlumatları, imtahan nəticələri və sertifikat məlumatları;

d) gözəllik xidmətləri sahəsində müştərinin estetik üstünlükləri;

e) satış və maliyyə xarakterli qeydlər;

f) əməkdaşlar barədə məlumatlar, vəzifə, əlaqə məlumatları, əmək haqqı şərtləri və iş cədvəli;

g) təchizatçıların rekvizitləri və onların əlaqədar şəxslərinə dair məlumatlar;

h) sistem tərəfindən avtomatik yaradılan əməliyyat jurnalları və bildiriş məlumatları.

4.6. Platforma aşağıdakı məlumat kateqoriyalarının toplanılması və emalı üçün nəzərdə tutulmamışdır:

a) bank kartlarının tam rekvizitləri;

b) şəxsiyyət vəsiqəsinin nömrəsi və digər eyniləşdirici sənəd rekvizitləri;

c) biometrik identifikatorlar;

d) dəqiq coğrafi mövqe məlumatları;

e) səhhət və sağlamlıq vəziyyəti barədə məlumatlar;

f) irqi və ya etnik mənsubiyyət barədə məlumatlar;

g) siyasi baxışlar və ya siyasi əqidə barədə məlumatlar;

h) dini əqidə barədə məlumatlar;

i) məhkumluq barədə məlumatlar.

4.7. Fərdi məlumatların emalına dair sahə səviyyəsində ətraflı reyestr Operator tərəfindən ayrıca daxili sənəd şəklində aparılır. Həmin reyestr bu Əlavənin 8.1-ci bəndində müəyyən edilmiş qaydada Mülkiyyətçiyə təqdim edilir.

5. Subyektlərin sorğuları

5.1. Fərdi məlumat subyekti öz hüquqlarının həyata keçirilməsi ilə bağlı birbaşa Operatora müraciət etdikdə, Operator həmin sorğunu müstəqil qaydada mahiyyəti üzrə icra etmir. Operator sorğunu müvafiq Mülkiyyətçiyə yönləndirir və bu barədə Məlumat Subyektinə məlumat verir.

5.2. Operator Mülkiyyətçinin Fərdi məlumat subyektlərinin hüquqlarının həyata keçirilməsini təmin etməsi üçün aşağıdakı texniki imkanları təqdim edir:

a) tanış olmaq və məlumatların surətini əldə etmək hüququ, müştəri kartında saxlanılan məlumatların tam şəkildə ixrac edilməsi;

b) düzəliş etmək hüququ, müştəri kartında məlumatların tətbiqdaxili qaydada redaktə edilməsi;

c) məlumatların silinməsini tələb etmək hüququ, müştəri kartının silinməsi zamanı Fərdi məlumatların anonimləşdirilməsi, qanuni, maliyyə və audit məqsədləri üçün zəruri əməliyyat qeydlərinin isə anonimləşdirilmiş formada saxlanılması;

d) məlumatların daşınması hüququ, Mülkiyyətçinin biznes məlumatlarının strukturlaşdırılmış və maşın tərəfindən oxuna bilən formatda ixrac edilməsi;

e) etiraz etmək hüququ, müştəri kartında müvafiq ayar vasitəsilə mesajların göndərilməsinin dayandırılması və etirazın tarixinin sistemdə qeydə alınması.

5.3. Fərdi məlumat subyektinin müraciətinə qanunvericiliklə və ya Məxfilik Siyasətinin 11.4-cü bəndi ilə müəyyən edilmiş müddətdə cavab verilməsi Mülkiyyətçinin məsuliyyətindədir. Bu müddət ən geci 7 (yeddi) iş günü təşkil edir. Mülkiyyətçinin həmin müddətə riayət etməsini təmin etmək məqsədilə Operator Mülkiyyətçinin texniki dəstək göstərilməsi ilə bağlı müraciətlərinə 3 (üç) iş günü ərzində cavab verir. Bu müddətlər fərqli tərəflər arasındakı münasibətlərə tətbiq olunur və bir-birini əvəz etmir.

Operator öz səlahiyyətləri çərçivəsində Fərdi məlumat subyektlərinin müraciətlərinin operativ qaydada qəbul edilməsi, ilkin emalının aparılması və müvafiq Mülkiyyətçiyə yönləndirilməsi üçün zəruri təşkilati tədbirləri həyata keçirir.

5.4. Operator Mülkiyyətçiyə, öz səlahiyyətləri və malik olduğu texniki imkanlar çərçivəsində, Fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərin həyata keçirilməsi, təhlükəsizlik insidentləri barədə məlumatlandırma və səlahiyyətli dövlət orqanları ilə münasibətlərdə əsaslandırılmış köməklik göstərir.

6. Xidmət təchizatçıları və sərhədlərarası ötürmə

6.1. Mülkiyyətçi bununla Operatora Fərdi məlumatların emalının müəyyən hissəsinin aşağıdakı funksiyaların həyata keçirilməsi məqsədilə xidmət təchizatçılarına həvalə edilməsinə ümumi razılıq verir:

a) bulud infrastrukturu və verilənlər bazalarının yerləşdirilməsi və idarə olunması;

b) şəbəkə və informasiya təhlükəsizliyinin təmin edilməsi;

c) sistem elektron poçtlarının göndərilməsi;

d) mesajlaşma və digər bildiriş kanallarının təmin edilməsi;

e) texniki monitorinq və sistemlərin fəaliyyətinə nəzarət;

f) ödənişlərin emalı.

6.2. Operator xidmət təchizatçılarının Fərdi məlumatların qorunması üzrə müvafiq təhlükəsizlik tələblərinə cavab verməsini təmin edir. Operator hər bir xidmət təchizatçısı ilə bu Əlavədə nəzərdə tutulmuş öhdəliklərdən az olmayan səviyyədə məxfilik və məlumat təhlükəsizliyi öhdəliklərini müəyyən edir və xidmət təchizatçılarının bu Əlavə çərçivəsində həyata keçirdiyi emal üzrə Mülkiyyətçi qarşısında məsuliyyət daşıyır.

6.3. Xidmət təchizatçılarının adları, onların yerləşdiyi ölkələr və həmin təchizatçılarla bağlanmış müqavilələrin şərtləri Operatorun kommersiya sirri hesab olunur. Operator xidmət təchizatçıları barədə ümumiləşdirilmiş məlumatı Mülkiyyətçinin əsaslandırılmış yazılı sorğusu əsasında, habelə səlahiyyətli dövlət orqanının qanuni sorğusu daxil olduqda təqdim edir.

6.4. Platformanın texniki infrastrukturu Avropa İttifaqına üzv dövlətlərin ərazisində yerləşən məlumat mərkəzlərində saxlanılır. Mülkiyyətçi qəbul edir və təsdiq edir ki, Platformadan istifadə çərçivəsində Fərdi məlumatlar Azərbaycan Respublikasının hüdudlarından kənarda saxlanıla və emal edilə bilər. Operator sərhədlərarası ötürmə zamanı Fərdi məlumatların qorunmasının təmin edilməsi üçün müvafiq təşkilati və texniki təhlükəsizlik tədbirlərini tətbiq edir və belə ötürmələrin yalnız Qanunvericiliklə müəyyən edilmiş hüquqi əsaslar mövcud olduqda həyata keçirilməsini təmin edir.

6.5. Fərdi məlumatların Azərbaycan Respublikasının hüdudlarından kənara ötürülməsinin hüquqi əsası, Qanunvericiliyin tələb etdiyi hallarda, Fərdi məlumat subyektinin razılığıdır. Mülkiyyətçi belə razılığın Fərdi məlumat subyektlərindən lazımi qaydada alınmasını öz öhdəsinə götürür və razılığın alındığını təsdiq edən sübutların mövcudluğuna və saxlanılmasına görə məsuliyyət daşıdığını qəbul edir. Mülkiyyətçinin öz hesab və rekvizit məlumatlarının emalı ilə bağlı razılığı Ofertanın 1.8-ci bəndində nəzərdə tutulmuş qaydada verilir.

6.6. Fərdi məlumatların emalının coğrafi əhatə dairəsində dəyişiklik baş verdikdə və ya belə dəyişiklik planlaşdırıldıqda, Operator bu barədə Mülkiyyətçiyə əvvəlcədən yazılı bildiriş göndərir.

7. Təhlükəsizlik pozuntusu

7.1. Operator Fərdi məlumatların təhlükəsizliyinin pozulması ilə nəticələnən və ya nəticələnməsi ehtimal olunan insidentdən xəbərdar olduqda, bu barədə Mülkiyyətçini əsassız gecikmə olmadan, lakin hər bir halda belə pozuntu barədə məlumat əldə etdiyi andan etibarən 48 (qırx səkkiz) saatdan gec olmayaraq məlumatlandırır.

7.2. Bildiriş, Operatorun həmin vaxt malik olduğu məlumatlar nəzərə alınmaqla, mümkün olduğu həddə aşağıdakı məlumatları ehtiva edir:

a) təhlükəsizlik pozuntusunun xarakteri və mahiyyəti;

b) təsirlənmiş və ya təsirlənməsi ehtimal olunan Fərdi məlumat kateqoriyaları və məlumatların təxmini həcmi;

c) pozuntunun Fərdi məlumat subyektləri və Mülkiyyətçi üçün ehtimal olunan nəticələri;

d) pozuntunun qarşısının alınması, təsirlərinin azaldılması və aradan qaldırılması məqsədilə görülmüş və planlaşdırılan tədbirlər;

e) əlavə məlumat əldə edilməsi üçün məsul əlaqələndirici şəxsin və ya əlaqə nöqtəsinin məlumatları.

7.3. Operator, öz səlahiyyətləri və malik olduğu məlumatlar çərçivəsində, Mülkiyyətçiyə Qanunvericiliklə tələb olunan hallarda nəzarət orqanına və Fərdi məlumat subyektlərinə təhlükəsizlik pozuntusu barədə bildiriş verilməsi ilə bağlı öhdəliklərini yerinə yetirməsində köməklik göstərir.

7.4. Operator təhlükəsizlik pozuntularının idarə edilməsi məqsədilə daxili prosedurlar tətbiq edir. Bu prosedurlar, ən azı, pozuntunun aşkar edilməsi və qeydə alınmasını, təsirə məruz qalmış sistem və məlumatların təcrid edilməsini, pozuntunun təsir dairəsinin və risk səviyyəsinin qiymətləndirilməsini, zəruri bildirişlərin həyata keçirilməsini və insidentin sənədləşdirilməsini əhatə edir.

8. Şəffaflıq və əməliyyat jurnalı

8.1. Mülkiyyətçinin bu Əlavə üzrə Fərdi məlumatların qorunması ilə bağlı Operatorun öhdəliklərini necə yerinə yetirdiyini yoxlamaq hüququ vardır. Bu məqsədlə Operator Mülkiyyətçinin əsaslandırılmış yazılı sorğusu əsasında bu Əlavə üzrə öhdəliklərin yerinə yetirilməsini təsdiq edən müvafiq sənədləri və məlumatları təqdim edir. Operatorun kommersiya sirri təşkil edən, o cümlədən texniki həllər, təhlükəsizlik arxitekturası və müqavilə münasibətlərinə dair məxfi məlumatları açıqlamaq öhdəliyi yoxdur. Bu Əlavə çərçivəsində Operatorun ofisində və ya Mülkiyyətçinin obyektində yerində yoxlamaların keçirilməsi nəzərdə tutulmur.

8.2. Platformada həyata keçirilən əhəmiyyətli əməliyyatlar, o cümlədən əməliyyatı həyata keçirən istifadəçi, əməliyyatın tarixi və vaxtı və həyata keçirilmiş dəyişiklik barədə məlumatlar dəyişdirilmədən qorunan əməliyyat jurnalında qeydə alınır. Əməliyyat jurnalı yalnız müvafiq Mülkiyyətçinin fəaliyyəti çərçivəsində aparılır və həmin Mülkiyyətçi üçün əlçatandır. Jurnalın əsas məqsədi Mülkiyyətçinin öz biznes fəaliyyətinə nəzarət etməsini, o cümlədən konkret əməliyyatın hansı istifadəçi tərəfindən həyata keçirildiyini müəyyən etməsini, habelə Qanunvericiliyin nəzərdə tutduğu nəzarət və audit tələblərinin təmin edilməsini mümkün etməkdir.

8.3. Operator əməliyyat jurnalında əks olunan məlumatlardan Mülkiyyətçinin fəaliyyətini müstəqil qaydada izləmək, nəzarətdə saxlamaq və ya monitorinq etmək məqsədilə istifadə etmir. Operatorun əməkdaşının Mülkiyyətçinin hesabına daxil olması yalnız Ofertanın 12.6-cı bəndində müəyyən edilmiş qaydada, Mülkiyyətçinin əvvəlcədən təsdiqi əsasında və zəruri olan məhdud müddət ərzində həyata keçirilə bilər. Belə girişlərin özü də müvafiq əməliyyat jurnalında qeydə alınır.

9. Mühafizə tədbirləri

9.1. Platforma Azərbaycan Respublikasının fərdi məlumatların mühafizəsi və informasiya təhlükəsizliyi sahəsində tətbiq olunan tələbləri nəzərə alınmaqla hazırlanmış və fəaliyyət göstərir. Bu tələblərlə yanaşı, Fərdi məlumatların təhlükəsizliyinin səviyyəsinin artırılması məqsədilə əlavə təşkilati və texniki mühafizə tədbirləri də tətbiq edilir.

9.2. Tətbiq edilən əsas mühafizə tədbirlərinə, o cümlədən, aşağıdakılar daxildir:

a) Fərdi məlumatların ötürülməsi və saxlanılması zamanı şifrələnməsinin təmin edilməsi;

b) istifadəçi parollarının geri dönməz kriptoqrafik üsullardan istifadə edilməklə saxlanılması;

c) müxtəlif Mülkiyyətçilərə aid məlumatların bir-birindən məntiqi və texniki baxımdan təcrid edilməsi;

d) Operator əməkdaşlarının Fərdi məlumatlara çıxışının rol əsaslı icazələr və səlahiyyətlər əsasında məhdudlaşdırılması;

e) Platformada həyata keçirilən əhəmiyyətli əməliyyatların dəyişdirilmədən qorunan əməliyyat jurnalında qeydə alınması;

f) Fərdi məlumatların və sistemlərin bərpasının təmin edilməsi məqsədilə mütəmadi ehtiyat nüsxələrin yaradılması;

g) informasiya sistemlərinin və təhlükəsizlik mexanizmlərinin davamlı monitorinqinin həyata keçirilməsi;

h) Operator əməkdaşlarının Mülkiyyətçinin hesabına yalnız Mülkiyyətçinin əvvəlcədən açıq təsdiqi əsasında, zəruri və məhdud müddət üçün yaradılmış sessiya vasitəsilə daxil olmasının təmin edilməsi.

9.3. Fərdi məlumatların mühafizəsi üzrə tətbiq edilən təşkilati və texniki tədbirlərin tam və ətraflı təsviri Operatorun daxili sənədlərində saxlanılır və Mülkiyyətçinin əsaslandırılmış yazılı sorğusu əsasında bu Əlavənin 8.1-ci bəndində nəzərdə tutulmuş qaydada təqdim edilə bilər. İnformasiya təhlükəsizliyinin təmin edilməsi və potensial təhlükələrin qarşısının alınması məqsədilə belə məlumatların ictimaiyyətə açıq şəkildə dərc edilməsi nəzərdə tutulmur.

10. Emalın müddəti və məlumatların silinməsi

10.1. Fərdi məlumatların emalı Ofertanın qüvvədə olduğu müddət ərzində həyata keçirilir. Fərdi məlumatların ixrac edilməsi, hesabın silinməsi, fəaliyyətsizlik dövrləri və Qanunvericilikdən irəli gələn öhdəliklərin icrası məqsədilə müəyyən məlumatların saxlanılması ilə bağlı müddətlər Ofertanın 6-cı bölməsində müəyyən edilir.

10.2. Silinmiş Fərdi məlumatların ehtiyat nüsxələrdə saxlanılması müvafiq ehtiyat nüsxənin dövriyyə müddəti başa çatanadək davam edə bilər. Belə məlumatların ehtiyat nüsxələrdə saxlanılma müddəti 35 (otuz beş)gündən artıq ola bilməz. Ehtiyat nüsxələr yalnız fəlakət və ya texniki nasazlıq nəticəsində məlumatların bərpası məqsədilə istifadə edilir və müvafiq dövriyyə müddəti başa çatdıqda yeni ehtiyat nüsxə məlumatları ilə əvəz olunur.

10.3. Ofertanın 6.6-cı bəndində nəzərdə tutulmuş 30 (otuz) günlük gözləmə müddəti Mülkiyyətçiyə öz məlumatlarını ixrac etmək və zəruri hallarda digər sistemə köçürmək imkanı yaratmaq məqsədi daşıyır. Mülkiyyətçinin tələbi əsasında həmin müddət daha qısa müddətlə əvəz edilə bilər.

11. Məsuliyyət və yekun müddəalar

11.1. Tərəflərin bu Əlavədən irəli gələn məsuliyyəti Ofertanın 9-cu bölməsində müəyyən edilmiş qayda və hədlər çərçivəsində tənzimlənir.

11.2. Fərdi məlumatların mühafizəsi sahəsində Qanunvericiliyin pozulmasına görə Tərəflərə tətbiq edilən inzibati sanksiyalar Ofertanın 9.3-cü bəndində müəyyən edilmiş ümumi məsuliyyət həddinə daxil edilmir. Hər bir Tərəf özünün yol verdiyi pozuntu və ya hərəkətsizlik nəticəsində yaranan hüquqi məsuliyyətə görə müstəqil qaydada cavabdehdir.

11.3. Bu Əlavənin müddəaları ilə Ofertanın əsas mətni arasında ziddiyyət yarandıqda, Fərdi məlumatların toplanılması, saxlanılması, istifadəsi, ötürülməsi və digər formada emalı ilə bağlı məsələlər üzrə bu Əlavənin müddəaları üstün qüvvəyə malikdir.